Media

“SMTS” MMC-nin daha bir böyük uğuru - Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binası təhvil verildi

Azərbaycan tikinti sektorunda özünəxas üslubu ilə fərqlənən və unikal konstruktiv quruluşa malik hündürmərtəbəli binaların müəllifi olan “SMTS” MMC daha bir böyük uğura imza ataraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Yeni İnzibati Binasını inşasını müvəffəqiyyətlə tamamlayaraq təhvil verib. 27 mart 2023-cü il tarixində inzibati binanın rəsmi açılış mərasimi baş tutdu və Prezident İlham Əliyev binanın rəsmi açılış mərasimində iştirak edərək görülən işlərlə yaxından tanış olub.

Bakı şəhərində son illərdə tikilmiş hündürmərtəbəli binalar ansamblında unikallığı ilə seçilən yeni inzibati bina modern və postmodern memarlıq üslubunda layihələndirilmiş və mürəkkəb konstruktiv quruluşa malikdir. Yeni inzibati binanın layihələndirilməsi dünya şöhrətli və ölkəmizdə də bir çox məşhur layihələrin müəllifi olan Avstryanın “Hoffmann-Janz” GmbH memarlıq şirkəti tərəfindən həyata keçirilib. Layihənin yerli norma və standartlara uyğunlaşdırması işləri “Arxin-M LTD” MMC şirkətinə həvalə olunub. Binanın inşasına texniki nəzarət (tikinti menecement) xidmətlərini Almaniyanın “Obermeyer Project Management GmbH” şirkəti, dəmir beton, fasad, metal konstruksiya, daxili bəzək-tamamlama, elektrik və mexanika bölmələri üzrə son tamamlama işlərinə isə “Technicon Engineers Consulting” MMC həyata keçirib.

33 mərtəbədən ibarət olan bina 125 m hündürlüyündədir. Binanın təməli diametri 1 m, uzunluğu 40 m olan 140 ədəd dəmir-beton svayların üzərindədir. Bakı şəhəri seysmik cəhətdən aktiv zonada yerləşdiyi üçün binanın yükdaşıyan konstruksiyaları 9 ballıq zəlzələyə tab gətirəcək şəkildə inşa edilib. Binanın hər mərtəbəsi digər mərtəbəyə nəzərən 2.65º dönür və nəticədə fasad müstəvisi 90º dönərək binaya burulma effekti verir. Dunyada bu tip dönən binalar çoxdur, lakin inzibati binanın fasadının tam olaraq şüşədən ibarət olması və hər bir şüşə panelinin özünün də əyilmiş olması onu digər binalardan fərqləndirir. Binanın unikal edən digər bir konstruktiv cəhəti isə yuxarıdan baxdıqda ümumi sahəsi 2837 m² olan kürsü mərtəbəsinin Azərbaycan Respublikasının xəritəsi formasında inşa edilməsi və şərq tərəfdən “Xəzər dənizi” dekorativ hovuzu ilə əhatə olunmasıdur. Dekorativ hovuz 1200 m² sahəni əhatə edir, dərinliyi 18-28 cm aralığındadır.

İşçi mərtəbələri 254 otaqdan ibarət olan inzibati binada 537 əməkdaşın rahat və səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada müasir multimedia vasitələri ilə təchiz olunmuş, ayrıca tərcümə otağı olan, müxtəlif tədbirlərin keçirilməsi üçün Kürsü mərtəbəsində 150 nəfər iştirakçı tutumuna malik 410 m² sahəsi olan “Bakı zalı”, 19-cu mərtəbədə 25 nəfər iştirakçı üçün nəzərdə tutulan 124 m² sahəsi olan konfrans zalları mövcuddur, həmçinin müxtəlif təyinatlı iş, iclas otaqları yaradılıb. Yeni inzibati binanın 26-cı mərtəbəsində 163 işçinin eyni vaxtda rahat qidalanması üçün restoran, 30-cu mərtəbədə tədbir iştirakçıları üçün ziyafətlərin təşkili və qonaqların rahat istirahəti üçün 93 nəfərlik tutuma malik “VİP Lounge” mövcuddur.

Binanın zirzəmi qatında böhran vəziyyətində idarəetmə məntəqəsi, müasir avadanlıqlarla təchiz olunmuş, ümumi sahəsi 490 m² olan 105 nəfərlik “Mülki Müdafiə” otağı mövcuddur. Binanın texniki mərtəbəsində 6 ədəd AHU havalandırma sistemi quraşdırılıb. Texniki binada isə gücü 1250 kVA olan 1 ədəd avtomatik işə salınan dizel generatoru, gücü 1100 kW olan 3 ədəd İtaliya istehsalı qazan, soyutma gücü 1580 kW olan 4 ədəd YORK markalı çiller quraşdırılıb. Binanın fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi üçün hər birinin gücü 2500 kVA, gərginliyi 35/0.4 kV olan "Schneider" markalı 3 ədəd transformator da quraşdırılıb. Zizəmi mərtəbəsində bina və qurğularda baş verə biləcək yanğınların operativ söndürülməsi üçün obyektin mərtəbəliliyi, odadavamlılıq dərəcəsi, işçilərin sıxlığı nəzərə alınmaqla ən yüksək norma və standartlara cavab verən, tutumu 152 m³ olan 2 ədəd yanğın su hovuzu və tutumu 90 m³ və 104 m³ olan 2 ədəd içməli su çəni inşa edilib. 1-ci zirzəmi mərtəbəsində 153 nəqliyyat vasitəsi üçün ümumi sahəsi 7906 m² olan dayanacaq tikilib.

Müasir dövrdə elmi-texniki tərəqqinin əldə etdiyi nailiyyətlərdən istifadə edilərək binadaxili mikroiqlimin təmin olunması, binadaxili su borularının və elektrik xətlərinin monitorinqi, səmərəli enerji/resurs sərfiyyatının tənzimlənməsi, işıqlandırma sisteminin idarə olunması, təhlükəsizlik sistemlərinin (videomüşahidə, məlumatlandırma və girişə nəzarət) idarə olunması, yanğın siqnalizasiyalarının və yanğınsöndürmə sisteminin izlənməsi, lokal və ümumi idarə olunması və fövqəladə hal vaxtı müəyyən olunmuş senari üzrə bütün mühəndis-texniki sistemlərinin tənzimlənməsi üçün avtomatik idarəetmə sistemdən (BMS) quraşdırılıb.

İnzibati binanın ətrafında 1320 m² ərazi yaşıllaşdırılıb, 14 tipdə 216 ədəd ağac və gül, 3500 ədəd dekorativ gül-çiçək əkilib. Mövcud ağaclara toxunulmayıb. Həmçinin yaşıllaşdırılmış ərazidə mərkəzi sulama sistemi nəzərə alınıb. Fasadın təmizlənməsinin təşkilini asanlaşdırmaq və sürətləndirmək məqsədilə dam hissəsində "Atech" şirkətinə məxsus BMU fasad yuma qurğusu quraşdırılıb.

Baş podratçı olaraq “SMTS” Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati binanın tikintisini yerli şirkətlərlə yanaşı, Modul Çelik Yapı və Petrol San.Tic.Ltd.Şti., Metal və Yapı Sistemləri Ticarət A.Ş., Kone Elevators Ltd., Atechbcn, S.L., Permisan İnş.Dek San. Ve Tic.Ltd Şti A.Ş., Schneider Elektrik San. və Tic. A.Ş. və s. kimi xarici şirkətlərlə əməkdaşlıq çərçivəsində yerinə yetirib.

Öz əzəməti ilə paytaxt Bakının göydələnləri arasında ucalan bu binanın uğurla inşa edilməsində əziyyəti olan bütün yerli və əcnəbi şirkətlərə təşəkkürümüzü bildiririk!

Bizimlə əlaqə