Azərbaycanda unikal tikinti layihələri ilə tanınan “SMTS” MMC ölkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası istiqamətində də fəaliyyətini genişləndirir.
Belə ki, şirkət Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin sifarişi əsasında Ağdam şəhərində 4 nömrəli yaşayış massivində çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının inşasına start verib. Layihənin icrası üzrə “SMTS” MMC Baş Podratçı qismində çıxış edir.
Şirkət ilə sifarişçi qurum arasında imzalanmış müqavilələrə uyğun olaraq, 1 və 2-ci, 4 və 5-ci məhəllələrdə müasir yaşayış komplekslərinin tikintisi həyata keçiriləcək. Layihə çərçivəsində ümumilikdə 24 ədəd 5-7 mərtəbəli yaşayış binası və 9 ədəd 1 mərtəbəli qeyri-yaşayış binası inşa olunacaq. Bütün binalar tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş şəkildə sifarişçiyə təhvil veriləcək.
Tikinti işlərinin müddəti 415 təqvim günü təşkil edir və layihənin 2026-cı ilin iyun ayının sonunadək tam başa çatdırılması nəzərdə tutulur.
“SMTS” MMC olaraq Azərbaycanın sosial-iqtisadi inkişafına və azad edilmiş ərazilərin bərpasına töhfə verməkdən qürur duyuruq.