Media

“SMTS” MMC Özbəkistanda “SAP Business Unleashed Innovation Day” forumunda təmsil olunub

“SMTS” MMC-in əməkdaşları Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “SAP Business Unleashed Innovation Day” adlı forumda iştirak ediblər. “InterContinental Tashkent” otelində, 300-dən çox şirkət nümayəndələri, müştəri və tərəfdaşların iştirakı ilə baş tutan tədbirdə “SMTS” MMC-ni şirkətin Direktor müavini Namiq Nəhmədov və İKT Departamentinin meneceri təmsil edib.

Forum SAP-ın “Şərqi Avropa və Mərkəzi Asiya” klasterinin idarəedici direktoru Aleksandr Meteçkonun açılış nitqi ilə başlayıb. Daha sonra SAP-ın Özbəkistandakı biznesin inkişafı üzrə direktoru Maksim Kustarov, SAP-ın Mərkəzi və Şərqi Avropa üzrə biznes direktoru Filipp Tsilke təqdimatlarla çıxış edərək şirkətin yeni nəsil korporativ idarəetmə sistemləri və süni intellektin biznes proseslərindəki rolu barədə fikirlərini bölüşüblər.

“SMTS” MMC-nin təmsilçiləri isə bulud texnologiyaları və süni intellektin biznesin rəqəmsal transformasiyasında praktik tətbiqi barədə danışıblar. Azərbaycanda SAP proqramına qoşulan ilk tikinti şirkəti olaraq, sözügedən sistemə keçid təcrübəsini, transformasiyanın şirkət üçün üstünlükləri, nəticələri barədə geniş şəkildə məlumat veriblər. “SMTS” MMC-nin inşaat şirkəti olaraq SAP layihəsinə qoşulması, tamamlanmamış istehsalat prosesinin, sənəd axınının bu proqramda əks olunması forum iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Spikerlər iştirakçıları bununla bağlı maraqlandıran suallara aydınlıq gətiriblər, şirkətin təcrübə mübadiləsinə hazır olduğunu bildiriblər.

Plenar sessiyanın məntiqi yekunu forumun xüsusi qonağı - Avropa Menecment və Texnologiyalar Məktəbinin professoru Konstantin Korotovun çıxışı ilə baş tutub.

Qeyd edək ki, "SMTS" MMC-də 2024-cü ilin iyun ayından etibarən SAP S/4HANA ERP (Enterprise Resource Planning) proqramı tətbiq edilir.

Bizimlə əlaqə